Biopet.az SEO Keys: Sayt Trafikində 1900% Artım!

2024-cü ili, bu il mənim üçün ən unudulmaz olan əməkdaşlıqlardan birini sizinlə bölüşərək bitirmək istəyirəm.

Bu yazı öz sahəsində bazar lideri olan və ev heyvanı sahibi olan insanların yaxından tanıdığı Biopet brendinin SEO keysi ilə bağlıdır.

Biopet Azərbaycanda illərdir fəaliyyət göstərən mağazalar şəbəkəsidir. Biopet saytı eyni zamanda Azərbaycanda ev heyvanları üçün ən böyük internet portalı olaraq fəaliyyət göstərir. Sosial media marketinq fəaliyyətləri sayəsində bir çox insan Biopet-dən xəbərdardır. Bazarda böyük yer tutmasına və möhtəşəm bir veb sayta sahib olmasına baxmayaraq, bir çox eCommerce mağazası kimi bu saytın da çətin günləri olub.

SEO keysə keçmədən əvvəl, bu brendlə qısa müddətli əməkdaşlığımın tarixçəsindən bəhs etmək istəyirəm.

Başlanğıc

Biopet uzun illərdir ki, nəzərimdə olan bir brenddir. Bu brendin həm müştərisi olmuşam, həm də veb saytlarını daimi olaraq izləmişəm. Daha öncə markanın biznesin inkişafından məsul olan İsgəndər ilə təmasım olsa belə, əməkdaşlığımız bu ilin Avqust ayında oldu.

İlk görüşümüzdə Isgandar Guluzade mənə markanın mövcud vəziyyətindən, marketinq hədəflərindən və gələcəklə bağlı planlardan bəhs etdi. Həqiqətən də, ölkəmizdə qlobal səviyyədə belə bir layihənin olması məni çox sevindirdi.

Hər nə var ki, veb sayt tərəfdə işlər yaxşı getmirdi. Yaxın zamanda veb sayt köhnə domendən yenisinə köçürülmüşdü. Təəssüf ki, sayt miqrasiyadan sonra əsas açar sözlər üzrə tutduğu bütün sıralamaları itirmişdi.

İlk görüşümüzdə veb saytın vəziyyəti ilə bağlı nələr etmək olar müəyyən etmək üçün İsgəndər məndən saytın texniki auditini etməyimi istədi.

Audit prosesi: niyə texniki audit?

Demək olar ki, bütün SEO kampaniyaları texniki audit ilə başlayır. Miqrasiya olunan veb saytlarda isə texniki audit əlavə önəm daşıyır.

Necə olur ki, brendinqi, marketinqi və veb saytı bu qədər yaxşı olan bir sayt SEO-da geri qalır? Bunun cavabını tapmaq üçün Avqust ayının ortasında auditə başladım.

Audit mərhələsi.

Audit zamanı əsas hədəfim, veb saytı əsas açar sözlərdə geri plana atan problemləri aşkar etmək idi. Bunun üçün əsas olaraq aşağıdakı məqamlara fokuslandım:

  • Crawl və indeksləməyə mane olan problemlər
  • URL & sayt xəritəsi problemləri
  • Robots.txt faylı ilə bağlı problemlər
  • Dil hədəfləməsi və hreflang problemləri
  • On-page & məzmun problemləri

Bir neçə gün çəkən detallı audit sonrasında əslində veb sayt tərəfində ciddi problemlər olduğunu aşkar etdim. Ən böyük problem isə, miqrasiyanın xətalı edilmiş olması və yeni qurulan veb saytda URL strukturunun düzgün yaradılmaması idi.

Etdiklərim

Bu proyekt üçün ən vacib məsələ, yol xəritəsinin qurulması idi. Tasklar düzgün sıra ilə edilməsə, atılan addımlar gözlənilən nəticəni verməyəcəkdi. Burada IT komandası ilə kommunikasiyanın qurulmasında İsgəndərin çox böyük rolu oldu. Əgər taskların bu qədər sürətli və düzgün icrası təmin olunmasa, ortaya əlavə problemlər və iş yükü çıxacaqdı.

URL strukturunun yaradılması

İlkin mərhələdə əsas iş, sayt üçün düzgün URL strukturunu yaratmaq idi. Hansı ki, bu URL strukturunu sayt uzun illər boyunca istifadə edəcək. Təbii ki, hazırda mövcud bir struktur olduğu üçün mövcud strukturun (və köhnə domendəki URL strukturunun) mənim yaratdığım URL strukturuna 301 yönləndirmələri də planlaşdırılmalı idi.

Bir neçə gün ərzində yeni bir URL strukturu yaradıb 301 yönləndirmə siyahısını təqdim etdim. Task qısa zamanda icra olundu.

Sonrakı mərhələdə API istifadəsi ilə yeni URL-ləri qısa zamanda indekslətdirib köhnə URL-lərin axtarış nəticələrindən təmizlənməsini həyata keçirdim.

Açığı, bu proses bizim işimizin 20-25%-ni təşkil edirdi. Çünkü veb saytın əsas açar sözlər üzrə sıralama ala bilməməsinin əsas səbəbi rus dilinə uyğun URL strukturunun olmaması idi. Biz yeni URL strukturunda Azərbaycan’da yaşayan lakin Rus dilində axtarış edən hədəf kütləsini hədəfləməyi bacardıq.

Renderləmə problemlərinin həlli

Saytın kod strukturu yaxşı yaradılmış olsa belə, bəzi hissələrdə client-side rendering problemləri aşkar etdim. Bu problem veb saytın müəyyən hissələrinin Google botları tərəfindən crawl edilə bilməməsinə səbəb olurdu. Bu problemin həlli ilə bağlı tasklar yazıldı və problem aradan qaldırıldı.

301, 301…daha çox 301…

Biopet böyük bir elektron ticarət mağazasıdır. Saytın minlərlə məhsulu, yüzlərlə kateqoriyası var. URL strukturu dəyişdiyimiz üçün yüzlərlə 301 yönləndirmə etmişdik. Bundan əlavə, miqrasiya zamanı yanlış yönləndirilən və köhnə domenə bağlı olan səhifələrin də yönləndirilməsinin doğru olacağını düşündüm. Bununla bağlı olaraq da böyük bir yönləndirmə faylı hazırlayıb IT komandasına təqdim etdim.

Burada əsas hədəf, köhnə veb saytın domen gücündən faydalana bildiyimiz qədər faydalanmaq idi.

Kannibalizasiya problemi

Eyni və ya eyni qrupa aid olan oxşar açar sözlərin hər biri üçün yaradılan sayısız hesabsız səhifələr, həmin açar sözləri hədəfləmək və veb sayta trafik çəkmək üçün qısa müddətli nəticə versə belə, uzun müddətdə sayta ziyan verir. Buna isə kannibalizasiya problemi deyilir. Bu problem Azərbaycandakı bir çox elektron ticarət mağazasında mövcuddur. Biopet saytının auditi zamanı bu problemi aşkar etdim. Sonrasında isə lazımsız səhifələrin silinməsi və yönləndirilməsi ilə bağlı task yaratdım.

UX təkmilləşdirmələri

Saytda edilə biləcək kiçik UX təkmilləşdirmələri bəzən SEO-da çox böyük fərq yarada bilir. Biopet üçün isə UX cəhətdən edilə biləcək bir çox təkmilləşdirmə fürsəti nəzərimə dəydi. Bu təkmilləşdirmələr arasında məzmun qutularının yerlərinin dəyişdirilməsi, müəyyən kateqoriyaların önə çıxarılması kimi bir sıra addımlar oldu.

Hreflang məsələsi

Həm Azərbaycan, həm də Rus dilini hədəfləmək üçün veb saytın 2 dildə olması yetərli deyil. Xüsusilə də, Azərbaycanda yaşayan lakin Rus dilində axtarış edən kütləni hədəfləmək istəyirsinizsə, hreflang etiketləri ilə biraz oynamalısınız.

İlkin mərhələdə veb sayt daxilində 404 xətası aldığımız səhifələrə verilən hreflang etiketlərini saytdan təmizlədik. Sonrasında isə hreflang etiketinin strukturunu dəyişdirib yeni hreflang etiketləri əlavə etdik.

Deməliyəm ki, ilk 1-2 tətbiqdə bəzi problemlər ortaya çıxdı. Müxtəlif hreflang strukturlarını yoxladığımız üçün bu etap bizim üçün biraz çətin keçdi.

Nəticədə isə doğru hreflang etiketinin tətbiqi ilə uğur əldə etdik.

Daxili linklər

Saytın auditi zamanı gözümə dəyən ən böyük problemlərdən biri, daxili linklərin problemli olması idi. Mövcud daxili linkləmə strukturu SEO cəhətdən əlverişli deyildi. Bu səbəbdən kontent komandasına göndərilməsi üçün daxili linkləmələrlə bağlı müəyyən tasklar hazırladım. Qısa zaman içərisində daxili linkləmələr optimizasiya olundu.

Serverin yaxşılaşdırılması

Audit zamanı aşkar etdiyim problemlərdən biri, veb saytın sürəti ilə bağlı problemlər idi. Bu problem İsgəndərin də uzun müddətdir ki, nəzərində olan bir problem idi. Saytın həcmi böyük olduğu üçün və server bu həcmi qarşılaya bilmədiyi üçün müəyyən problemlər meydana gəlirdi. Bununla bağlı olaraq saytın serverinin təkmilləşdirilməsi uyğun görülmüşdü.

Sayt serveri təkmilləşdirildikdən sonra isə sayt sürətini yaxşılaşdırmaq üçün əlavə addımlar atdıq. Tövsiyyələrim arasında CDN istifadəsi, defer, lazy loading və gzip (brotli) funksiyalarının istifadəsi yer alırdı. Bütün yaxşılaşdırmalar edildi və sayt sürətində istənilən nəticə əldə olundu.

Schema yaxşılaşdırmaları

Hər bir elektron ticarət mağazasında olduğu kimi, Biopet üçün də Schema-lardan istifadə böyük önəm daşıyır.

Audit zamanı mövcud Schema-ları yoxladım və istifadə edə biləcəyimiz əlavə Schema-ları hazırlayıb task olaraq IT komandasına göndərdim. Qısa zamanda bütün Schema-lar tətbiq olundu.

Ümumi proses haqqında

Biopet ilə qısamüddətli əməkdaşlığımız çox rahat keçdi. SEO kampaniyalarında tərəflər arasında ünsiyyət, görülən işlərin markanın ümumi marketinq hədəflərinə uyğun olması və verilən taskların vaxtında icrası çox əhəmiyyətlidir. İsgəndər prosesin başlanğıcından sonuna qədər işin mümkün olan ən rahat formada getməsini təmin etdi.

İndi isə gələk nəticələrə…

Əldə olunan uğur

Saytın SEO auditi və sonrasında verdiyim tövsiyyələr üzrə edilən yaxşılaşdırmalar qısa müddətdə öz nəticələrini verdi. Biz həm açar sözlərin sıralamasında, həm də klik və impression sayında artım əldə etdik.

Google Search Console qrafiki.

Audit xidmətindən sonra sayt trafikində ciddi artım qeydə olundu. Sayt əsas açar sözlər üzrə impression və sıralama almağa başladı.

Semrush qrafiki.
Ahrefs qrafiki.

Lakin bizim üçün əsas uğur bu deyil.

Əməkdaşlığımızın başlanğıcında Biopet əsas açar sözlər üzrə Rus dilində edilən axtarışlarda Google nəticələrində görünmürdü. Markanın əsas hədəfi isə, məhz Azərbaycanda yaşayan lakin axtarışlarını Rus dilində edən kütlənin qarşısına çıxmaq idi. İndiki gündə, edilən SEO yaxşılaşdırmaları sayəsində markanın bu hədəfini reallaşdırdım.

Qeyd etmək lazımdır ki, sayt daxilində aparılan yaxşılaşdırmalar saytın ümumi keyfiyyətini artırdığı üçün, SEO-nun təsirlərini biz Azərbaycan dilində edilən axtarışlar üçün də görə bilirik.

Aşağıdakı ekran görüntüsündə axtarış nəticələrində 1-3, 4-10 və 11-20-ci sıralarda görünən açar sözlərimizin artımını görə bilərsiniz:

Nəticə və son sözlər

Nəticə etibarilə deyə bilərəm ki, veb saytın miqrasiya prosesinin düzgün planlanması çox önəmlidir. İndiki gündə yerli və xarici bazarda çox böyük markalar var ki, hansı ki, miqrasiya proseslərini düzgün idarə edə bilmədikləri üçün trafik və açar söz itkiləri yaşayırlar. Biopet üçün də miqrasiya prosesi xətalı keçmişdi. Xoşbəxtlikdən Biopet ilə miqrasiyadan çox qısa müddət sonra əməkdaşlığa başladıq və saytın qısa zamanda optimizasiyasını həyata keçirdik.

Bir digər məqam isə, texniki SEO-nun roludur. Doğrudur, bir çox SEO layihəsində texniki SEO işin sadəcə 20-30%-ni təşkil edir. Əsas problemlər həll olunduqdan sonra texniki SEO üçün edilən işlər azalır. Lakin əsas məsələ elə bu vacib xətaların müəyyən edilib aradan qaldırılmasıdır. Biopet-in SEO auditi zamanı mən saytın geri plana düşməsindəki əsas səbəbləri müəyyən edib aradan qaldırmağa çalışdım. Aldığımız nəticələr isə, atılan addımların faydalı olduğunu sübut edir.