Bu yazı Azərbaycanda elektron ticarət ekosistemində fəaliyyət göstərən ən böyük 4 şirkətin SEO təhlili haqqındadır. Cavab tapmağa çalışdığım suallar isə:
- Azərbaycan e-ticarət sektorundakı ümumi vəziyyət necədir?
- Niyə bəzi şirkətlər SEO-da daha yaxşı performans göstərərkən bəziləri çox geridə qalır?
- Niyə bəzi şirkətlər hələ də köhnə SEO metodlarını istifadə edir?
- E-ticarət saytlarının SEO-da etdikləri ən böyük səhvlər nələrdir?
- Şirkətlər SEO-ya yetərli qədər büdcə ayırır mı?
- Lider şirkətlərin SEO-dakı uğurunda brendinqin önəmi nədir?
Başlamazdan Əvvəl
Bu yazıda Azərbaycandakı elektron ticarət mağazalarında gördüyüm vəziyyətlərin icmalını çatdırmağa çalışmışam. Yazı heç bir şəkildə tövsiyyə və ya qınaq xarakteri daşımır. Hər bir şirkətin SEO prosesi, həmin şirkətin operativ fəaliyyətləri, qərarvermə prosesləri və marketinq hədəfləri ilə inteqrasiya içərisindədir. Analiz olunan saytların arxa planda nə kimi SEO addımları atdığı və ya ümumiyyətlə uzun müddətli SEO strategiyaları haqqında məlumatım yoxdur.
Məqsədim illər içərisində əldə etdiyim təcrübəm və ümumi SEO prinsiplərinə əsaslanaraq saytlarda qarşılaşdığım problemləri, saytların SEO prosesləri arasındakı ortaq nöqtələri və cari vəziyyətləri çatdırmaqdır.
Ümumi Vəziyyət
Hal-hazırda Azərbaycanın elektron ticarət ekosistemindəki ən böyük şirkətlər:
- Kontakt Home – aylıq 759.000+ sayt trafiki
- İrşad – aylıq 398.000+ sayt trafiki
- Umico – aylıq 362.000+ sayt trafiki
- Baku Electronics – aylıq 338.000+ sayt trafiki
- Maxi – aylıq 50.000+ sayt trafiki
- Texnomart – aylıq 25.000+ sayt trafiki
- Smarton – aylıq 20.000+ sayt trafiki
Kontakt Home, İrşad, Umico və Baku Electronics bütün marketinq kanallarında olduğu kimi, SEO-da da biri-biri ilə ciddi şəkildə rəqabət aparan əsas şirkətlərdir. Bu yazıda əsas alacağım şirkətlər elə məhz bu şirkətlər olacaq.
Oxumağa Vaxtı Olmayanlar Üçün
- Azərbaycanın ən böyük elektron ticarət mağazaları 10 il öncə tərk edilən SEO metodlarından istifadə olunur. Bu həmin mağazaların real marketinq güclərini SEO-ya ötürməsinə mane olur.
- Elektron ticarətdə stabil, doğru tətbiq edilən və təməl SEO fəaliyyətlərinin bir markanın uğurundakı rolu olduqca böyükdür. Bunu İrşad nümunəsində görmək mümkündür.
- Elektron ticarətdə başqa markalardan olan asılılığın SEO-ya olan təsiri olduqca böyükdür. Bunu Umico nümunəsindən görmək mümkündür.
Kontakt Home: Birincidir Yoxsa Sona Yaxınlaşır?
Kontakt Home Azərbaycanın ən böyük mağazalar şəbəkəsidir. Kontakt Home mağazasının ənənəvi və rəqəmsal marketinq fəaliyyətləri bu böyük mağazalar şəbəkəsinin illər içərisində brendinqini çox ciddi şəkildə gücləndirməsinə kömək edib. Kontakt Home bütün marketinq kanallarında çox güclü olsa belə, SEO tərəfində o qədər də uğurlu deyil. Ən böyük trafik həcminə sahib olmasına baxmayaraq, Kontakt Home bugün çox daha böyük potensiala sahibdir və hal-hazırda həmin potensialı 100% reallaşdırmağı bacara bilməyib.
Kontakt Home-un SEO tərəfindəki fəaliyyətlərini və mövcud vəziyyətini analiz edək.
Kontakt Home hal-hazırda aylıq 759.000+ trafik alır. Sayt Google axtarış nəticələrində 1757 açar söz üzrə ilk 3 sırada görünür. Ümumi olaraq isə Kontakt Home 17862 açar söz üzrə sıralama alır.
Kontakt Home kimi böyük bir mağazalar şəbəkəsinin sadəcə 1757 açar söz üzrə ilk 3 sırada görünməsi, saytdakı problemlərin siqnalarıdır əslində. Sayt trafiki hər nə qədər yüksək olsa belə, açar söz sıralamalarındakı düşüş trendi nələrinsə düz getmədiyini göstərir.
Yazının davamında rəqiblərin neçə açar söz üzrə yüksək sıralamalar aldığını görərək müqayisə edə bilərsiniz.
Davam edək.
Kontakt Home-un ən çox trafik alan səhifələrinə nəzər salaq.
Kontakt Home saytının ən çox trafik aldığı səhifələrə nəzər salsaq, səhifələrin çoxunun məhsul səhifələri olduğunu görə bilərik.
Elektron ticarət sferasında SEO fəaliyyəti göstərən hər kəs bilir ki, elektron ticarət SEO-sunda əsas 3 məqam var: (1) məhsul kateqoriyaları, (2) məhsul səhifələri, (3) texniki SEO.
Kontakt Home isə ən çox trafiki məhsul səhifələrindən alır. Lakin kateqoriya səhifələrinin demək olar ki, bir çoxu güclü trafik ala bilmir.
Bu o deməkdir ki, Kontakt Home “iPhone”, “Samsung” kimi açar sözlərdə sıralama ala bilmir. Sıralama ala bilmədiyi üçün trafik də ala bilmir.
Rəqib şirkət İrşad isə Azərbaycan üzrə “iPhone” axtarışlarında rəsmi Apple saytından sonra 2-ci yerdə sıralama alıb.
İrşad sadəcə bu səhifə vasitəsilə 9000-ə yaxın ziyarətçi çəkir.
Elektron ticarətdə kateqoriya səhifələri çox vacibdir. Əgər kateqoriya səhifələrində düzgün SEO işləri görsəniz, sadəcə iPhone 15 məhsulunu axtaranları yox, ümumilikdə iPhone məhsullarını axtaranları hədəfləməniz mümkün olar.
Tək bir məhsul ilə axtarış nəticələrində ilk sıralarda çıxmaq, müştərinin sadəcə o məhsulu görməsinə və kateqoriya daxilindəki digər məhsullara baxmadan saytı tərk etməsinə səbəb olur. Eyni zamanda, bu problem şirkətin rəqabət üstünlüyünü itirməsinə səbəb verir.
iPhone nümunəsindən başladıq, oradan davam edək.
Kontakt Home əslində “iPhone telefonları” kateqoriyasına sahibdir. Lakin öndə çıxmır. Gəlin bunun səbəblərini də detallandıraq.
Yuxarıdakı ekran görüntüsü Kontakt Home-un saytındakı “iPhone telefonları” alt kateqoriyasından götürülüb. Gördüyünüz kimi, bu kateqoriyada heç bir məhsul yoxdur. Sadəcə məzmun var.
Bu səhifə üzrə istifadəçi təcrübəsi demək olar ki, yoxdur. Səhifə yaradılarkən istifadəçi niyyəti düşünülməyib. Çox güman ki, iPhone telefonlarla bağlı maraqlanan potensial müştəri bu səhifəyə daxil olduqdan sonra birbaşa olaraq səhifəni tərk edir.
Keçək digər problemə.
Kontakt Home saytının naviqasiya menyusunda görünən Apple səhifəsi ilə bir öncəki ekran görüntüsündəki “iPhone telefonları” səhifəsi ayrıdır. Kontakt Home saytında filtr sistemi olduğu üçün marka adı ehtiva edən bütün səhifələr filtrli olaraq açılır.
Bu bir problemdir? Elektron ticarət saytları üçün bəli.
Biz araşdırmağa davam edək.
Keçək həmin səhifəyə.
Naviqasiya menyusundan keçid etdiyimiz “Apple Telefonları” səhifəsində hər şey normal görünür. Səhifə daxilində iPhone telefon axtaran insanlar üçün bütün Apple telefon məhsulları yerləşdirilib.
İlk baxışda heç bir problem görünmür. Əslində isə, bu səhifənin varlığı ilə yoxluğu arasında çox da bir fərq görə bilmirəm. Keçək səbəblərinə.
Səhifənin alt hissəsində SEO cəhətdən heç də uyğun olmayan bir məzmun yerləşdirilib. Bu məzmun birbaşa olaraq bütün Telefon məhsullarını hədəf alan məzmundur. Bu məzmunda “Apple telefonları” və ya “iPhone telefonları” açar sözlərini hədəf almaq mümkün deyil.
Səhifə filtrli səhifə olduğu üçün, Apple başda olmaqla marka adı ehtiva edən bütün səhifələrdə eyni məzmun görünür. Bu da əlavə bir kopya məzmun problemi deməkdir.
Keçək digər problemlərə.
Səhifənin daxili strukturuna qısa nəzər yetirdiyimiz zaman, Apple Telefonları filtrli səhifəsindən Kontakt Home saytı içərisindəki əsas kateqoriya olan Smartfonlar səhifəsinə kanonikal link verilib. Bu əslində qəsdi edilən bir xəta deyil. Səhifə filtrli olduğu üçün və Smartfonlar səhifəsinin uzantısı olduğu üçün, kanonika llink həmin səhifəyə avtomatik olaraq verilib.
Lakin bu kanonikal link ilə Kontakt Home Google-a bu səhifənin əsas versiyası Smartfonlar səhifəsidir demiş olur. Nəticədə bu səhifə Google tərəfindən kopya səhifə olaraq qeydə alınır.
Hələ ki, Kontakt Home saytının niyə “Apple” və ya ”iPhone” üzrə axtarış nəticələrində görünmədiyi ilə bağlı 4 xəta tapmışıq. Bu xətalardan sadəcə 1-i belə Kontakt Home-un hədəf açar sözdə ilk sıralarda çıxmaması üçün yetərlidir. Lakin, ortada daha ciddi bir problem də var.
Sayt daxilində eyni və ya bənzər açar sözü hədəfləyən onlarla səhifə var. Bu problem birbaşa olaraq kopya məzmun problemidir. Bu metod 10 il əvvəl SEO-da tətbiq edilən, indi isə Google tərəfindən spam olaraq görülən bir metoddur. Kontakt Home bu qədər problem ilə birbaşa olaraq özü özünü rəqabətdə aşağı çəkir.
Yazıda təkrara yol verməmək və yazının çox uzanmaması üçün sadəcə tək bir açar söz üzərindən etdiyim analizin davamını gətirmək istəmirəm.
Gələk əsas mövzumuza: bəs Kontakt Home niyə rəqabətdə hələ də liderdir?
Kontakt Home sahib olduğu rəqabət gücünü brendinqdən və ümumi marketinq fəaliyyətlərindən əldə edir. Burada SEO üçün marka gücünün və brendinqin əhəmiyyəti ortaya çıxır. Lakin SEO cəhətdən düşünsək, Kontakt Home bu vəziyyətdə rəqabətdə lider deyil.
Bəs bundan sonra Kontakt Home nə etməlidir?
- SEO-ya büdcə ayırmalıdır.
- SEO komandası toplamalıdır.
- Güclü məzmun yazarları ilə işləməlidir.
- Saytın texniki tərəfini optimizasiya etməlidir.
- Neqativ SEO fəaliyyətlərinin qarşısını almalıdır.
Qlobal sektorlarda bu qədər xətaya baxmayaraq rəqabət üstünlüyünü əldə saxlamaq demək olar ki, ehtimal daxilində belə deyil. Kontakt Home hələ ki, bu xətalara rəğmən yüksək trafik alır. Lakin SEO-da bu davamlı bir şey deyil.
İrşad: Necə Ön Plana Çıxmağı Bacardı?
İrşad son illərdə diqqətimi ən çox çəkən mağazadır. Əslində, soruşsanız ki, Azərbaycanda ən uğurlu SEO optimizasiya hansı elektron ticarət mağazasındadır, şübhəsiz İrşad deyərəm.
Gəlin İrşad-ın mövcud SEO vəziyyətinə nəzər salaq.
İrşad hal-hazırda 398.000+ ziyarətçi ilə Kontakt Home-dan sonra ən çox trafik alan mağazadır. Sayt hal-hazırda 835 açar söz üzrə axtarış nəticələrində ilk 3 sırada yer alır. Açar söz və trafik trendi yüksəlişdədir. Bu o deməkdir ki, İrşad-ın saytı Google-dan yaxşı geri dönüş alır.
İrşad hal-hazırda kateqoriya və məhsul səhifələri üzrə çox yüksək trafik alır. Kontakt Home-dan fərqli olaraq İrşad marka adı ehtiva edən səhifələri filtrli olaraq göstərmir. Bu sayədə həmin səhifələr Google nəticələrində rahatlıqla görünür və trafik alır.
İrşad eyni zamanda marka kateqoriyalarında məzmunlar ilə açar söz hədəfləməsi edərək həmin kateqoriya səhifəsini axtarış nəticələrində ön plana çəkməyə çalışır və bunda uğurlu olur.
İrşad-ın uğurlu olduğu bir digər məqam isə, URL strukturunu doğru bir şəkildə qurmuş olmasıdır.
Bu tip URL strukturu istifadəçi təcrübəsini artırarkən, SEO üçün də olduqca böyük fayda verir.
Diqqətimi çəkən bir digər məqam isə, İrşad-ın SEO-da “breadcrumb” dediyimiz bölmələrdən istifadə etməsdir. Aşağıdakı şəkildə İrşad və Kontakt Home məhsul səhifələrindəki “breadcrumb” istifadəsini görə bilərsiniz:
Kontakt Home mövcud “breadcrumb” strukturu ilə iPhone telefonu almaq istəyən potensial müştərini birbaşa olaraq Telefonlar səhifəsinə qaytarır. İrşad isə iPhone telefonu almaq istəyən potensial müştərini itirmir və ona yenidən iPhone telefonları səhifəsinə qayıtmaq imkanı verir. Bu kiçik faktor, istifadəçi təcrübəsində böyük rol oynayır.
Geriyə dönük olaraq baxsaq, İrşad 2022-ci ildən sonra SEO fəaliyyətlərinə daha çox önəm verməyə başlayıb.
Hər Google core yeniləməsindən uğurla çıxan İrşad üçün SEO-da uğurludur demək mümkündür.
Gələk İrşad-ın SEO-da zəif olduğu məqamlara.
İrşad səhifə daxili SEO-da kopyalama problemi ilə qarşı-qarşıyadır. Hal-hazırda saytın Rus dili versiyasında mövcud olan bəzi səhifələrin başlıqları və açıqlamaları Azərbaycan dilində qalıb.
İrşad-da olan bir digər problem isə, “crawl budget” dediyimiz məsələdir. İrşad Google-nin sayt üçün ayırdığı crawl büdcəsini daha səmərəli istifadə etməlidir.
Axtarış nəticələrində boşuna crawl büdcəsini xərcləyən səhifələr var. Bu səhifələrin əngəllənməsi crawl büdcəsini səmərəli işlətmək baxımından faydalı olacaq.
Bu kimi kiçik problemlər əslində İrşad üçün çox da böyük fərq yaratmayacaq. İrşad səhifə-daxili SEO-da hal-hazırda yaxşı vəziyyətdədir. İrşad-ın SEO komandası sayt üzərində şübhəsiz ki, çox iş görüb. Demək olar ki, həm istifadəçi təcrübəsi, həm məzmun həm də səhifə-daxili tərəfdə ciddi problemlər yoxdur. Burada belə bir sual ortaya çıxır: bəs niyə daha az trafik alır?
Səbəb isə, daha əvvəl dediyim kimi, marketinq və brendinqdir. Kontakt Home çox güclü 360 dərəcə marketinq fəaliyyəti görərək rəqabət üstünlüyünü əlində saxlayır. Təbii ki, SEO-ya daha çox önəm versə indikindən çox daha yaxşı yerdə ola bilər. Eynilə, İrşad mövcud marketinq fəaliyyətlərinə davam etsə, zaman içərisində çox daha yaxşı yerlərə gələ bilər.
Baku Electronics: Göründükləri Qədər Uğurludur?
Siyahımızdakı üçüncü ən böyük şirkət isə Baku Electronics mağazasıdır.
Baku Electronics mağazasının mövcud trafikinə nəzər saldığımız zaman dalğalı bir qrafik qarşımıza çıxır. Sayt hazırda 338.000+ trafik alır. Axtarış nəticələri səhifəsində ilk 3 sırada yer alan açar söz sayı isə 785-dir.
Saytın ən çox trafik alan səhifələri isə ana səhifə kateqoriya səhifələridir. Ana səhifə və kateqoriya səhifələri arasında olduqca böyük bir boşluq var.
Digər analizlərdə olduğu kimi, burada da əsas problemlərdən bəhs etmək istəyirəm.
Öncəliklə, Baku Electronics İrşad və Kontakt Home-dan daha geridə qalan bir saytdır. Bunun əsas səbəbi isə, istifadəçi təcrübəsidir.
Yenə iPhone telefonları nümunəsindən davam etmək istəyirəm.
Baku Electronics saytına daxil olan potensial müştəri iPhone telefonları səhifəsini necə tapa bilər?
Öncəliklə istifadəçi, ana naviqasiya menyusuna keçid edərək Telefonlar, planşetlər və qadcetlər bölməsini seçməli, daha sonra Smartfonlar, mobil telefonlar səhifəsinə keçid etməlidir.
Səhifəyə keçən istifadəçi, sadəcə iPhone telefonlarını görmək üçün filtr hissəsindən bir daha bir bölməyə klik etməlidir.
Bu uzun yolun sonunda istifadəçi axtardığı iPhone telefonları səhifəsinə keçid etmiş olur.
İphone telefonları axtaran bir istifadəçini, axtardığı səhifəyə gətirmək çox çətindir. Zəif istifadəçi təcrübəsi yaşadan bu naviqasiya menyusu, SEO cəhətdən də mənfi təsir bağışlayır.
Səhifəyə keçid etdiyimiz zaman isə Kontakt Home mağazasının veb saytındakı vəziyyət ilə qarşılaşırıq; filtrli marka səhifəsi. Bu problem birbaşa olaraq mağazanın veb saytının Apple və ya İphone axtarışlarında çıxmasına mane olan bir problemdir.
Səhifə filtrli olduğu üçün xüsusi məzmun və meta məlumatları yerləşdirmək mümkün olmayıb.
Səhifənin bu formada mövcud olması sayta xeyirdən çox ziyan verir.
Bu sayt üçün bir digər əsas problemlərdən biri də, link strukturunun əlavə mətnlərlə doldurulmasıdır.
Link strukturundakı əlavə /brands/ , /category/ kimi mətnlər SEO tərəfdə səhifənin performansını aşağı düşürən, əlaqə səviyyəsini azaldan bir problemdir.
Bu əsas problemlə yanaşı, saytda daha bir çox problemin olduğundan əminəm. Misal olaraq, aşağıdakı ekran görüntüsünü ələ alaq:
Markalar üçün açılan xüsusi səhifələrə demək olar ki, toxunulmayıb. Ən son 2023-cü ildə yenilənən bu səhifələr üzrə heç bir iş görülməməsi, markanın SEO fəaliyyətlərini dayandırdığını göstərir.
Bir digər məsələ isə yenə crawl büdcəsinin doğru işlədilməməsidir. Saytın mövcud sayt xəritəsi (tapa bildiyim qədəri ilə) olduqca dolu görünür. Saytdakı hər səhifənin tək bir sayt xəritəsinə doldurulması isə elektron ticarət saytları üçün mənfi bir haldır. Sayt xəritəsinin həcminin bu qədər böyük olması, bir yerdən sonra Google axtarış motoru robotunun bütün xəritəni oxuya bilməməsinə səbəb ola bilir.
Əlavə olaraq, test üçün açılan səhifələrin və başqa lazımsız səhifələrin axtarış sistemində yer alması crawl büdcəsinin yanlış istifadə edildiyinə işarə edir.
Ümumi səthi bir analizin nəticəsində Baku Electronics mağazasının Kontakt Home mağazası kimi eyni problemlərdən əziyyət çəkdiyini görmək mümkündür.
Bəs Baku Electronics niyə bu qədər qabağdadır?
Səbəbi, eynilə Kontakt Home mağazasında olduğu kimidir. Brendinq və marketinq. Şirkətin Azərbaycandakı mağaza sayının çoxluğu, ənənəvi və rəqəmsal marketinq fəaliyyətləri, kampaniyalar və illər boyunca əldə etdikləri marka tanınırlığı şirkətin SEO-suna töhfə verir. Lakin bu hər zaman belə davam etməyə bilər. Bu səbəbdən şirkət SEO fəaliyyətlərinə daha çox önəm verməlidir.
Umico: Elektron Ticarətdə Yeni Lider?
Gəldik ən maraqlı elektron ticarət mağazalarından birinin SEO analizinə.
Umico bazarda yeni olsa da, çox qısa zamanda çox böyük işlərə imza atıb.
Umiconun hazırda trafik həcmi 373.000, axtarış nəticələrində ilk 3 sırada çıxan açar söz sayısı isə 4144-dür. Umico-da mövcud olan məhsul skalası geniş olduğu üçün, bu qədər çox açar sözdə ilk 3 sırada yer almaq olduqca normaldır.
Umico-nun ən çox trafik aldığı açar sözlərə baxdığımız zaman şirkətin brendinqinin SEO-da necə fərq yaratdığını görmək mümkündür. Təbii ki, şirkətin təklif etdiyi üstünlüklər, kampaniyalar və fürsətlər marka adı ilə axtarışları artırmış və nəticədə SEO performansına təsir etmişdir.
Ən çox trafik alan səhifələrə nəzər saldıqda isə şirkətin daha çox, digər marka və şirkətlərin adı ilə trafik çəkdiyini görmək mümkündür. Baku Electronics-də olduğu kimi, burada da şirkətin əsas səhifəsinə gələn trafik ilə digər səhifələrə gedən trafik arasında balanssızlıq problemi var. Bu o deməkdir ki, şirkət hələ də kateqoriya və məhsul səhifələri ilə qabağa çıxa bilməyib. Şirkətin trafiki hələ də öz brendinqindən və başqa marka adlarından asılı qalıb.
Gələk saytın səhifə-daxili SEO vəziyyətinə.
Əvvəlcə, ana səhifəyə keçid edip JavaScript renderləməni bağladığımız zaman alt-kateqoriyaların saytda görülmədiyinə şahid oluruq. Bu o deməkdir ki, Google ana səhifənin naviqasiya menyusundan verilən keçid linklərini renderləyə bilmir.
Keçək saytın Smartfonlar səhifəsinə.
Əvvəlcə onu deyim ki, naviqasiya menyusundan rahatlıqla Smartfonlar səhifəsinə keçid edə bilirik. Lakin səhifəyə keçid etdikdə diqqətimizi çəkən bir neçə məqam var.
Bu sayt üçün də URL strukturu olduqca yanlış qurulub. URL strukturunun daha SEO dostu olması, səhifənin daha yaxşı performans göstərməsi üçün vacibdir.
Keçid edək Apple telefonları səhifəsinə.
Digər elektron ticarət şirkətlərində qarşımıza çıxan filtrləmə problemi Umico saytında da mövcuddur. Bu problem saytın İphone telefonları və əlaqəli açar sözləri hədəfləyə bilməməsinə, bu açar sözlər üzrə trafik ala bilməməsinə və ya çox az trafik almasına səbəb olur.
Başqa bir problem isə, saytın trafikinə ciddi ziyan vuran SEO xətalarından biridir.
Kontakt Home saytında qarşılaşdığımız problem burada da qarşımıza çıxır. Hər açar söz üçün ayrı bir səhifə açmaq məntiqi, çox uzun illər öncə tərk edilən bir metoddur. Bu SEO texnikası vaxtında çox yaxşı nəticələr qazandırmış olsa belə, indi saytın əsas kateqoriya səhifələrini axtarış sıralarında aşağıya çəkən bir metoddur.
Qarşıma çıxan ən böyük problemlər haqqında qısa məlumat verdim. Digər problemlərə yer verərək bu yazını sayt auditi yazısına çevirmək istəmədiyim üçün, Umico-nun gələcəyi ilə bağlı düşüncələrimi paylaşmaq istəyirəm.
Umico mənə görə hal-hazırda çox böyük potensiala sahib bir elektron ticarət saytıdır. Lakin komanda 10-15 il əvvəl işlədilən SEO metodlarından uzaqlaşıb yeni SEO metodlarına yönəlməlidir. Xüsusilə sayt daxilində edilməli olan struktur dəyişiklikləri var ki, bu dəyişikliklər nə qədər tez edilsə, saytın gələcəyində o qədər böyük rol oynayacaq. Əlavə olaraq, sayt başqa marka adlarından olan asılılığına son vermək üçün bütün marketinq fəaliyyətlərində özünü önə çıxarmalıdır.
E-ticarət Saytları SEO-ya Önəm Verir Mi?
Şübhəsiz ki, ölkəmizdəki ən böyük mağazalar SEO-nun sayt üçün necə fərq yaratdığını bilir. Atılan addımlar, saytların mövcud vəziyyətləri bunu bizə göstərir. Lakin ən böyük 4 saytı incələdiyim zaman, bir çoxunda bənzər problemlərlə qarşılaşdım. Bu, Azərbaycanda SEO sferasının hələ də keçmiş metodlarla fəaliyyət göstərdiyini, yeni metodların tətbiqində problemlər yaşandığını göstərir. Düşünürəm ki, SEO sahəsində yeniliyə adaptasiya ola bilən mütəxəssislərlə işləmək, bu markaların SEO-da önə çıxmasının yeganə yoludur.
Brendinq və 360 ° Marketinqin E-Ticarət Saytlarındakı Rolu
Analizini etdiyim bütün saytlar demək olar ki, Azərbaycanda tanınır. Biz hamımız bu mağazaların adlarını gündəlik həyatımızda eşidirik. Sadəcə rəqəmsal məkanlarda yox, gündəlik həyatda bu markaların kampaniyaları, stendləri, reklam videoları qarşımıza çıxır. Şübhəsiz ki, bütün bu reklam fəaliyyətlərinin SEO-ya təsiri çox ciddidir. Google özü belə, özünü real biznes kimi təsdiqləyən saytları axtarış nəticələrində ilk sıralara çıxarmaqdadır. Bizim saytlarımızın bu barədə heç bir problemi yoxdur. Lakin bir məqam var ki, o da SEO-nun reklam fəaliyyətlərini dəstəklədiyi kimi, ümumi reklam fəaliyyətlərinin SEO prosesini dəstəkləməsidir. Analizini etdiyimiz saytların çoxunda reklam tərəfi güclü olsa belə, SEO tərəfi zəifdir. Əslində hər iki tərəf çox güclü olmalı və biri-birini dəstəkləməlidir. Əgər potensial bir müştəri iPhone sözünü axtarış edərkən Kontakt Home və ya Umico saytını axtarışlarda görə bilmirsə, o zaman bu qədər güclü markalarla bağlı şübhəyə düşə bilər.
E-Ticarət Saytlarında Texniki SEO-nun Rolu
Elektron ticarət saytlarında texniki SEO əhəmiyyətli rol oynayır. Sayt böyüdükcə, saytın arxa planında meydana gələn dəyişiklikləri, xətaları və problemləri əldə tutmaq daha da çətinləşir. Düşünürəm ki, yazıda yer verdiyim saytların hər birinin texniki tərəflərində ciddi işlər görülür. Xüsusilə Umico və Kontakt Home kimi çox geniş məhsula sahib olan saytlarda işləməyən, açılmayan, kopya məzmun problemi yaradan səhifələri müəyyən etmək və davamlı olaraq nəzarətdə saxlamaq özü böyük bir vaxt tələb edir.